Avropa liderləri Yəmənin Ənsar Allah (Husi) hərəkatının İranla birlikdə döyüşmək qərarının Avropa Birliyi üçün risklər yarada biləcəyindən narahatdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Brüsseldə yerləşən "Euractiv" portalı məlumat yayıb.
Nəşr bildirir ki, bu addım Avropa Birliyini regional münaqişəyə cəlb edə bilər.
Qeyd olunur ki, Aİ 2024-cü ilin fevral ayından etibarən Qırmızı dəniz regionunda Husi üsyançılarının hücumlarına cavab olaraq “Aspides” əməliyyatını həyata keçirir.
Məlumata görə, müxtəlif dövrlərdə əməliyyata Aİ-yə üzv ölkələrdən 3-6 hərbi gəmi – freqatlar, esminetslər və minaaxtaranlar cəlb olunub.
İki avropalı diplomatın sözlərinə görə, husilərin ABŞ və İsrail ilə qarşıdurmaya qoşulması Yaxın Şərqdəki onsuz da gərgin vəziyyəti daha da ağırlaşdıra bilər.
Brüsselin qiymətləndirməsinə görə, Ədən körfəzi və Qırmızı dənizdə ticarət gəmilərinə hücumların yenidən artması istisna edilmir və bu, beynəlxalq ticarətə mənfi təsir göstərə bilər.