İyunun 3-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Direktorlar Şurası bir sıra yeni strateji investisiya layihələrini təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, təsdiqlənən paketə Ermənistan və ABŞ-nin birgə təşəbbüsü olan TRIPP İnkişaf Şirkətinin yaradılması da daxildir. Layihənin məqsədi ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional əlaqələrin gücləndirilməsidir.
Bildirilib ki, təşəbbüs çərçivəsində dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fiber-optik şəbəkələr və digər strateji infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.
DFC Şurası ümumilikdə infrastruktur, enerji və təchizat zənciri təhlükəsizliyi sahələrini əhatə edən 2,5 milyard dollarlıq investisiya paketini təsdiqləyib.
Açıqlamada qeyd olunub ki, TRIPP İnkişaf Şirkətinin yaradılması ABŞ və Ermənistan arasında ticarət və iqtisadi əməkdaşlığın genişlənməsinə, həmçinin regional və beynəlxalq nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcək.
Məlumata əsasən, bu təşəbbüs Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsi və “Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu” çərçivə sazişi ilə əlaqələndirilir.
Ermənistan və ABŞ iyunun 4-də TRIPP çərçivə sazişini onlayn şəkildə imzalayıblar. Sənədi Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio imzalayıb.