Tovuz rayonunun Çatax kənd sakini olan azərbaycanlı çobanın dumanlı və ya ehtiyatsızlıq şəraitində şərti dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olması ilə bağlı məlumatlar yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət Tovuz rayonunun Çatax kəndində qeydiyyatda olan sakindən gedir.
oxu.az-ın məlumatına görə, spirtli içki qəbul etmiş kənd sakini mal-qaranı otarmaq məqsədilə Tovuz rayonunun sərhədyanı Ağdam kəndi istiqamətinə gedib. Sərxoşluq və istiqaməti itirmə səbəbindən ehtiyatsızlıqdan Ermənistan istiqamətində şərti sərhəd xəttini adlayan çoban Tavuş vilayətinin Çinari (qədim Azərbaycan yaşayış məntəqəsi) kəndi yaxınlığında saxlanılıb.
Ermənistan KİV-ləri də Berd rayonundakı mənbələrinə istinadən Azərbaycan vətəndaşının Çinari kəndi ərazisində Ermənistanın hərbi polisi tərəfindən saxlanıldığını iddia ediblər.
Lakin qarşı tərəfin rəsmi dövlət strukturları və hüquq-mühafizə orqanları baş vermiş sərhəd insidenti ilə bağlı hələlik hər hansı rəsmi təsdiqedici bəyanat yaymayıb. Azərbaycanın aidiyyəti qurumları tərəfindən məsələnin dəqiqləşdirilməsi və vətəndaşın taleyi ilə bağlı müvafiq addımların atılması diqqət mərkəzindədir.