Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrorizmlə mübarizədə qətiyyətli siyasətini davam etdirəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ərdoğan çıxışı zamanı Türkiyənin əsas prioritetlərindən birinin ölkə ərazisinin terror təşkilatlarından tamamilə təmizlənməsi və bölgədə təhlükəsizliyin təmin olunması olduğunu vurğulayıb.
Dövlət başçısı Ankaranın terror təhlükəsinin aradan qaldırılması istiqamətində atdığı addımların davam etdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini qorumaq və regionda davamlı sabitliyə nail olmaq üçün mübarizəsini sona qədər aparacaq.
Ərdoğanın açıqlamaları PKK terror təşkilatının silahsızlandırılması ilə bağlı yeni qanunvericilik tədbirlərinin qəbulundan sonra səslənib.
Rəsmi Ankara hesab edir ki, sözügedən addımlar terrorizmin kökünün kəsilməsi, silahlı qrupların fəaliyyətinin dayandırılması və regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.