Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsindən 21 il ötür. Həqiqətən də bu 21 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Xüsusilə də 1990-cı ilin əvvəllərində çox ağır və çətin dövrdə olan Azərbaycanı Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gələrək xilas etmiş oldu. Azərbaycan müstəqilliyini qorudu və müasir Azərbaycanın banisi olaraq Ulu Öndər Heydər Əliyev tarixə keçdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirə bilmədiyi bütün işləri cənab prezident İlham Əliyev mərhələli şəkildə reallaşdırdı. Azərbaycan iqtisadiyyatını gücləndirdi, ordunu yenidən qurdu, Azərbaycan demək olar ki, qısa bir müddətdə regionun ən aparıcı dövlətlərindən birinə çevrildi.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib.
“Məhz 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezident seçildiyi zaman verdiyi bütün sözlər bu gün artıqlaması ilə yerinə yetirilib. Ən əsası isə biz ərazi bütövlüyümüzü məhz İlham Əliyevin prezidentliyi dövründə bərpa etmişik. Bir il bundan öncə də suverenliyimiz tam olaraq bərpa olundu ki, bu da həqiqətən çox böyük tarixi nailiyyətdir”.
Millət vəkili qeyd edib ki, məhz İlham Əliyevin prezidentliyi dövründə biz Azərbaycanın qarşısına qoyduğu bütün məsələləri uğurla həll etməsinə şahidlik etmişik. Azərbaycan beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil olunub. Azərbaycan beynəlxalq hüquq və konvensiyalara hər zaman sadiq qalıb. Azərbaycan öz iqtisadiyyatını gücləndirməklə yanaşı, qonşu dövlətlərə, eyni zamanda ehtiyacı olan ölkələrə hər zaman humanitar yardımlar göstərib. BMT-nin, MDB-nin tərkibində, TDT-də ən aparıcı yerlərdən birini tutub. Bu gün də torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə bərpa edilməsi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılmasını məhz Azərbaycan dövləti özü reallaşdırır. İlham Əliyevin rəhbərliyi altında bu işlər uğurla həyata keçirilir.

Sadaladığımız bu layihələri uğurla həyata keçirə biləcək ikinci bir nümunə göstərə bilmədiyimizi bildirən N.Həmzəyev Azərbaycanın öz gücü hesabına bu işləri həyata keçirdiyini və bu gün də Azərbaycan xalqının sosial rifahının gücləndirilməsi, vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılması üçün Azərbaycan dövləti, hökumətinin təxirəsalınmaz işlər gördüyünü qeyd edib.
“Bu gün Azərbaycan qarşısına qoyduğu bütün hədəfləri mərhələli şəkildə reallaşdıra bilir. Bu baxımdan da biz prezident İlham Əliyevi ürəkdən təbrik edirik. Biz inanırıq ki, məhz İlham Əliyevin liderliyi ilə Azərbaycan daha da inkişaf edəcək və Azərbaycan vətəndaşları daha yaxşı yaşayacaqlar və biz daha böyük zəfərlərə, daha böyük uğurlara imza atacağıq”, - deyə deputat vurğulayıb.
Aminə Nəzərova