Səudiyyə Ərəbistanı Krallığının Mülki Müdafiə İdarəsi "X" sosial şəbəkəsindəki rəsmi hesabında paytaxt Ər-Riyad şəhərində erkən xəbərdarlıq və həyəcan sisteminin (hava hücumundan müdafiə siqnalları) işə salındığını elan edib. Qurum hava təhlükəsi fonunda mülki sakinlərin təxirəsalınmaz şəkildə əməl etməli olduğu təhlükəsizlik təlimatlarını və qaydalarını ictimaiyyətin diqqətinə çatdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli mənbələrin və hadisə şahidlərinin verdiyi məlumata əsasən, xəbərdarlıq siqnalının ardından Ər-Riyad səmasında ard-arda dörd kəskin partlayış səsi eşidilib.
Partlayışların Krallığın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən ballistik və ya pilotsuz hava hədəflərinin zərərsizləşdirilməsi zamanı yarandığı ehtimal olunur.
Mülki Müdafiə İdarəsi qısa müddət sonra paytaxt ərazisində operativ təhlükənin sovuşduğunu bəyan edib. Şəhərdəki mobil rabitə istifadəçilərinə təhlükəsizlik rejiminin bərpa olunduğu, bununla belə ehtimal edilən raket/PUA qalıqlarının düşdüyü ərazilərdən uzaq durulması və şübhəli obyektlərə yaxınlaşılmaması barədə xüsusi xəbərdarlıq bildirişləri göndərilib.
Xatırladaq ki, Yəməndə yerləşən və İran tərəfindən dəstəklənən "Ənsarullah" (husilər) qruplaşması son dövrlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad başda olmaqla, Krallığın strateji və mülki infrastrukturlarına ballistik raketlər və kamikadze tipli pilotsuz uçuş aparatları ilə hücum cəhdlərini intensivləşdirib.