Dünyanın ən məşhur şimpanzesi kimi tanınan Ay Yaponiyada vəfat edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, BBC-nin Kioto Universitetinin İnsan Davranışının Təkamül Mənşəyinin Tədqiqi Mərkəzinə istinadən yaydığı məlumata görə, idrak qabiliyyətləri ilə tanınan şimpanze Ay yanvarın 9-da 49 yaşında ölüb. Bildirilib ki, onun ölümünə qocalıq və orqan çatışmazlığı səbəb olub. Tədqiqat mərkəzinin əməkdaşları şimpanzenin son saatlarında onun yanında olublar.
Məlumata görə, Ay Qərbi Afrikada anadan olub və 1977-ci ildə Yaponiyaya gətirilib. O, Kiotoda şimpanzelərin idrak qabiliyyətlərinin öyrənilməsinə həsr olunan məşhur “Ay Layihəsi”nin əsas iştirakçılarından biri olub. Alimlər tədqiqatlar zamanı Ayın rəqəmləri emal edə, rəngləri ayırd edə bildiyini müəyyən ediblər. Şimpanze cəmi bir yarım yaşında olarkən yaddaş və öyrənmə bacarıqlarının araşdırılması üçün kompüterə qoşulmuş xüsusi klaviatura ilə işləməyə başlayıb.
Primatoloq Tetsuro Matsuzavanın 1985-ci ildə dərc etdiyi məqaləyə əsasən, Ay beş yaşında birdən altıya qədər rəqəmləri mənimsəyib və 300-dən çox obyektin sayını, rəngini və formasını ayırd edə bilib.
2000-ci ildə Ayın Ayumu adlı oğlu dünyaya gəlib. Ayumu da qeyri-adi yaddaşı ilə tanınıb. 2017-ci ildə elmi layihənin 40 illiyi münasibətilə məşhur primatoloq Ceyn Qudal Ayumunun rəsmlərindən biri əsasında hazırlanmış şarfla təltif olunub.