Məlum olduğu kimi, Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-ü saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.
“Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycanın dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir”, - məlumatda vurğulanıb.