ABŞ rəsmiləri NATO-nun Ankarada keçiriləcək sammitinin problemsiz keçəcəyinə tam əmin olmadıqlarını bildirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, buna səbəb gərgin siyasi atmosfer və ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinin davranışından narazı qalmasıdır.
Məlumata əsasən, Avropa liderləri sammitin ciddi qarşıdurma olmadan başa çatacağına ümid edir. Bu məqsədlə onlar Trampın narazılığını azaltmaq üçün yeni müdafiə öhdəlikləri açıqlamağı planlaşdırırlar.
Donald Tramp isə iyunun sonunda verdiyi açıqlamada NATO sammitində yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq iştirak edəcəyini bildirib.
“Sammit Prezident Ərdoğanın ev sahibliyi ilə Türkiyədə keçirilməsəydi, yəqin ki, iştirak etməzdim”, – Tramp qeyd edib.
Xatırladaq ki, NATO sammiti iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada keçirilir.