2026-cı il Dünya Çempionatı artıq qızğın fazaya daxil olub. 48 komandanın iştirak etdiyi və 12 qrupa bölündüyü bu mötəbər turnirdə ilk tur arxada qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Opta” analitik mərkəzi komandaların pley-off mərhələsinə yüksəlmək şanslarını statistik məlumatlar əsasında qiymətləndirib.
Yeni formatda 1/16 finala hər qrupdan ilk iki yeri tutan komandalar birbaşa vəsiqə qazanır. Bundan əlavə, üçüncü yeri tutan 12 komandadan ən yaxşı göstəriciyə malik 8-i də növbəti mərhələyə adlayır. Xallar bərabər olduqda isə FIFA-nın tətbiq etdiyi xüsusi meyarlar (tay-breykerlər) işə düşür:
- Komandaların bir-biri ilə oyunlarında topladığı xallar;
- Şəxsi görüşlərdə qol fərqi;
- Şəxsi görüşlərdə vurulan qolların sayı;
- Bütün qrup oyunlarında qol fərqi və vurulan qollar;
- “Fair-play” xalları (sarı və qırmızı vərəqələr);
- FIFA reytinqindəki mövqe.

“Opta”nın riyazi hesablamalarına görə, bəzi nəhəng komandaların pley-offa yüksəlmə ehtimalı olduqca yüksəkdir. Xüsusilə, Almaniya (99,87%), Fransa (99,82%), Argentina (99,80%) və İngiltərə (99,74%) kimi yığmaların 1/16 finala çıxacağına demək olar ki, şübhə yoxdur.

Braziliya (96,88%) və İspaniya (96,45%) da öz qruplarında favorit hesab olunurlar.
Statistik proqnozlar bəzi sürprizləri də ortaya qoyur. Məsələn, turnir başlamazdan əvvəl pley-offa çıxacağı gözlənilən Çexiya və Türkiyə yığmalarının hazırkı göstəricilərlə növbəti mərhələdən kənarda qalma ehtimalı yüksək qiymətləndirilir.
Əksinə, Yaponiya, Ekvador və Şotlandiya kimi komandaların pley-offa yüksəlmək şansları analitiklər tərəfindən kifayət qədər real hesab edilir.