Rusiyanın Ukraynanın Sumı bölgəsinə endirdiyi hava və raket zərbələri nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb.
Məlumata görə, Rusiyanın şimal-şərqdə yerləşən Sumı vilayətinə pilotsuz uçuş aparatları, hava bombaları və raketlərlə həyata keçirdiyi hücumlar insan tələfatına səbəb olub.
Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda da vəziyyət gərgin olaraq qalır. Şəhərə endirilən zərbələr nəticəsində dördü uşaq olmaqla doqquz nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.
Xarkov meri İqor Terexov bildirib ki, yaralananların vəziyyəti ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.
Bu arada, Rusiya Müdafiə Nazirliyi 19 iyun gecəsi ölkənin müxtəlif bölgələrində və Qara dəniz üzərində 133 Ukrayna pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.