Kanadanın Baş naziri Mark Karni Asiya-Sakit okean regionu turu çərçivəsində martın 3-də Avstraliyaya rəsmi səfərə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi qlobal siyasi sistemdə baş verən “qırılmalar” fonunda iki “orta güc” arasındakı strateji tərəfdaşlığı möhkəmləndirməkdir.
Hər iki ölkə ABŞ-nin yaxın müttəfiqi olmaqla yanaşı, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda kritik mineralların hasilatı üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Karni bu səfərdən əvvəl Yaponiya və Hindistanda olub, Yeni Dehli ilə bir illik diplomatik gərginlikdən sonra münasibətləri bərpa edərək yeni ticarət sazişləri imzalayıb.
Kanada Baş nazirinin ofisindən verilən məlumata görə, tərəflər müdafiə, dəniz təhlükəsizliyi, kritik minerallar, ticarət və “Artificial Intelligence” (Süni İntellekt) sahələrində əməkdaşlığı müzakirə edəcəklər.
Avstraliyanın Baş naziri Entoni Albaniz Kanadanı “ən yaxın dostlardan biri” kimi xarakterizə edərək, milli maraqların qorunması üçün daha sıx təmasların vacibliyini vurğulayıb.
Qərb dövlətləri, xüsusilə yarımkeçiricilərin və müdafiə sənayesinin əsas komponenti olan kritik minerallar sahəsində Çindən asılılığı azaltmağa və öz ehtiyatlarını yaratmağa çalışır. Avstraliyanın Resurslar naziri Madlen Kinq bildirib ki, Kanada və Avstraliya hasilatçı ölkələr kimi bu sahədə böyük potensiala malikdir.
Xatırladaq ki, Mark Karni “Davos” Dünya İqtisadi Forumunda etdiyi çıxışda “orta güclərin” birgə fəaliyyətinin əhəmiyyətini qeyd etmişdi:
“Orta güclər birlikdə hərəkət etməlidir, çünki masa arxasında deyiliksə, menyuda olarıq”.
Karninin Sidney şəhərindəki “Lowy Institute” beyin mərkəzində edəcəyi çıxışda qlobal nizamda baş verən dəyişikliklər və bu dəyişikliklərin Kanada və Avstraliya kimi ölkələrə yaratdığı imkanlardan bəhs edəcəyi gözlənilir.