Azərbaycanda müəyyən kateqoriyadan olan şəxslər qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiya yaşına çatmadan daha erkən pensiyaya çıxa bilərlər. Bu imkan çoxuşaqlı valideynlərə, ağır və zərərli işlərdə çalışanlara, mülki aviasiya işçilərinə, hərbçilərə və bir sıra digər peşə sahiblərinə şamil olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" “Əmək pensiyaları haqqında” Qanuna istinadən xəbər verir ki, şəxsin kateqoriyasından və iş stajından asılı olaraq pensiya yaşı 5, 15, bəzi hallarda isə 20 il azaldıla bilər. Bununla belə, güzəştdən yararlanmaq üçün müvafiq şərtlərin yerinə yetirilməsi və əmək pensiyası hüququnun olması tələb edilir.
Beş və daha çox uşağı olan valideynlər
Beş və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadın və kişilərin pensiya yaşı 5 il azaldıla bilər. Bu hüquqdan istifadə etmək üçün qanunda göstərilən şərtlər yerinə yetirilməlidir.
Valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək uşaqların övladlığa və ya qəyyumluğa götürülməsi də uşaqların sayının hesablanmasında nəzərə alınır.
Kişilərə bu güzəşt müəyyən hallarda şamil edilir. Bunun üçün ananın vəfat etməsi, məhkəmə qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan olunması, valideynlik hüququndan məhrum edilməsi və ya nikaha xitam verilməsi nəticəsində uşağın və ya uşaqların atanın himayəsinə verilməsi kimi hallar tələb olunur.
Ağır və zərərli işlərdə çalışanlar
Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan sahələrdə, eləcə də incəsənətin müəyyən sahələrində çalışan şəxslər də güzəştli şərtlərlə pensiyaya çıxa bilərlər.
Qanunla müəyyən edilmiş müvafiq işlərdə kişilərin azı 12 il 6 ay, qadınların isə azı 10 il çalışması tələb olunur. Şərtlər yerinə yetirildikdə onların pensiya yaşı 5 il azaldılır.
Lakin güzəşt bütün ağır işlərdə çalışanlara avtomatik şamil edilmir. Şəxsin çalışdığı peşə və vəzifənin təsdiqlənmiş müvafiq siyahıda olması vacibdir.
Pensiya yaşı 20 il azaldılan şəxslər
Hipofiz vəzinin fəaliyyətinin pozulması ilə əlaqəli hipofiz cırtdanboyluğu — hipovizqanizm xəstəliyi olan şəxslər, eləcə də fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün xüsusi güzəşt nəzərdə tutulub.
Bu şəxslərin azı 5 il sığorta stajı olduqda qanunda müəyyən edilmiş ümumi pensiya yaşı 20 il azaldıla bilər.
Mülki aviasiya işçiləri 15 il tez pensiyaya çıxa bilər
Mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində müvafiq vəzifələrdə çalışanlar da güzəştli pensiya hüququna malikdirlər.
Həmin işlər üzrə azı 25 il sığorta stajı olan şəxslərin pensiya yaşı 15 il azaldılır. Səhhətinə görə uçuş işindən azad edilmiş şəxslər üçün isə həmin işlər üzrə azı 20 il sığorta stajı tələb olunur.
Prokurorluq əməkdaşlarına hansı güzəştlər verilir?
Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş əməkdaşların yaşa görə əmək pensiyası hüququ var.
Bundan başqa, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, ümumi iş stajı azı 35 il olan və bunun ən azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluqda keçirmiş şəxslər də bu hüquqdan yararlana bilərlər.
Xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri isə həmin güzəştə aid edilmir.
Hərbçilər hansı hallarda pensiyaya çıxa bilər?
Hərbi qulluqçular üçün də bir neçə əsas nəzərdə tutulub. Hərbi xidmətdən buraxılanadək azı 25 təqvim ili xidmət etmiş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ əldə edə bilərlər.
Bundan başqa, yaşa görə hərbi xidmətdən buraxılmış, ümumi iş stajı azı 30 il olan və bunun ən azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər də pensiyaya çıxa bilərlər.
Xəstəliyinə, səhhətinin məhdud imkanlarına və ya ştatların ixtisarına görə hərbi xidmətdən buraxılanlar üçün əlavə şərtlər müəyyən edilib. Onların xidmətdən buraxıldığı gün azı 48 yaşı, ümumi iş stajı azı 30 il, hərbi xidmət stajı isə ən azı 15 il olmalıdır.
Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş və azı 15 il hərbi xidmət keçmiş hərbi qulluqçular üçün də güzəştli pensiya hüququ nəzərdə tutulur.
Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarının əməkdaşları
Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq və ya xidmət stajı olan əməkdaşlar da qanunvericilikdə müəyyən edilmiş şərtlərlə yaşa görə əmək pensiyası ala bilərlər.
Xüsusi rütbələrdən məhrum edilmiş şəxslər bu güzəştə aid edilmir.
Hərbi xidmətdən sonra pensiya necə hesablanır?
Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin edilir. Pensiya təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilərək xidmətdən buraxılan şəxslərin pensiyasının sonuncu təminat xərcliyinə əsasən yenidən hesablanmasına, ümumi qayda olaraq, yol verilmir.
Lakin qanunvericilikdə istisnalar da mövcuddur. Yenidən hərbi xidmətə qəbul edildikdən sonra azı 72 ay xidmət edənlər, məhkəmə qərarı ilə hərbi xidmətə bərpa olunanlar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər və ali zabit heyətinə aid şəxslər həmin istisnalar sırasındadır.
Qeyd edək ki, güzəştli pensiya hüququnun yaranması üçün yalnız peşə və ya xidmət kateqoriyasına aid olmaq kifayət etmir. Şəxsin sığorta və ya qulluq stajı, iş şəraiti və qanunvericilikdə göstərilən digər tələblər də nəzərə alınır.