2026-cı il yanvarın 21-də Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə yaradılmış Strateji İşçi Qrupunun ikinci iclası onlayn formatda baş tutub.
Görüşə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter həmsədrlik edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-nin xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclas zamanı ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair Anlaşma Memorandumunun icrası müzakirə edilib.
Tərəflər iki ölkə arasında enerji və ticarət, tranzit və regional bağlantılar, iqtisadi investisiyalar, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, süni intellekt və rəqəmsal infrastruktur kimi müasir və strateji əhəmiyyət daşıyan istiqamətlərdə tərəfdaşlığın inkişaf perspektivləri də diqqət mərkəzində olub.
Məlumatda qeyd olunub ki, Strateji Tərəfdaşlıq Xartiyasının yekunlaşdırılması məqsədilə sənədin mətninə dair müzakirələr davam etdirilir və prosesin qarşıdakı mərhələlərdə də intensiv şəkildə aparılması nəzərdə tutulur.