Böyük Britaniyada müsəlman mühacirlərə qarşı keçirilən etiraz aksiyaları daha geniş vüsət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Sautport və Sanderlend şəhərlərindən sonra Roterem, Midlzboro, Bolton, Hal, Ueymut və digər şəhərlərdə radikal millətçilər çoxsaylı zorakılıq törədiblər.
Roteremdə bir qrup şəxs mühacirlərin sığınacaq kimi istifadə etdiyi hotelə hücum edib.
Təxminən, 700 nəfər hotelin pəncərələrin sındırıb, binaya soxulub, bir sıra yerləri yandırıblar.
Zorakı qrupla polis arasında qarşıdurma olub. Nəticədə 1-i ağır olmaqla 10-a yaxın polis əməkdaşı xəsarət alıb.
Təhlükəsizlik qüvvələri daha bir neçə həbs əməliyyatı həyata keçirib.
Etiraz aksiyaları başlayandan indiyə kimi 147 nəfər həbs olunub. Baş nazir Kir Starmer zorakılıqları şiddətlə təndiq edib.
“İnsanların təhlükəsizdə yaşamaq hüququ var. Lakin biz müsəlman cəmiyyət üzvlərinin, məscidlərin hücuma məruz qaldığına şahid oluruq. Mən bu cür əməlləri radikal cinayətkarlıq adlandırmaqdan çəkinmirəm”, - deyə Starmer vurğulayıb.
Qeyd edək ki, müsəlman mühacirlərə qarşı etirazlar 17 yaşlı müsəlman olduğu iddia edilən mühacirin bıçaqla 3 qış uşağını öldürməsi, bir neçə nəfəri yaralanmasından sonra başlayıb. Cinayətin motivləri hələlik naməlum olaraq qalır.