Böyük Britaniyada işsizlik səviyyəsi 2026-cı ilin may-iyul aylarını əhatə edən dövrdə 4,9 faiz təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) may-iyul dövrünü əhatə edən üç ay üzrə əmək bazarına dair məlumatları açıqlayıb.
Məlumata görə, ölkədə işsizlik səviyyəsi bu dövrdə 4,9 faiz olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artım deməkdir. Əvvəlki üç aylıq dövrlə müqayisədə isə işsizlik göstəricisində dəyişiklik qeydə alınmayıb.
May-iyul aylarında işçilərin müntəzəm əməkhaqlarında illik artım 3,5 faiz, bonuslar da daxil olmaqla ümumi əməkhaqqında artım isə 3,9 faiz təşkil edib.
Dövlət sektorunda çalışanların əməkhaqları 6,3 faiz, özəl sektorda isə 2,9 faiz artıb.
ONS-in iqtisadi statistika direktoru Liz Mak Kion açıqlanan göstəriciləri şərh edərkən bildirib ki, əmək bazarı ümumilikdə sabit istiqamətdə hərəkət edir və işsizlik səviyyəsi dəyişməyib.
Onun sözlərinə görə, daimi işçilərin sayı tədricən azalmağa davam edir. Son bir ildə qeydə alınan azalma xüsusilə pərakəndə ticarət və mehmanxana-restoran sektorlarında daha qabarıq olub.
Mak Kion həmçinin qeyd edib ki, kiçik müəssisələrdə əmək xərclərinin artması işə qəbul qərarlarına təsir göstərir.