Müstəqil Kabin Heyəti Təşkilatı (UFO) Həmkarlar İttifaqının verdiyi açıqlamaya görə, "Lufthansa" və onun regional törəmə şirkəti olan "Cityline"-da çalışan kabin işçiləri aprelin 15-də tətilə çıxacaqlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iş şəraiti və əməkhaqqı artımı ilə bağlı danışıqların nəticəsiz qalması səbəbindən alınan bu qərarın hava nəqliyyatında ciddi fasilələrə yol açacağı gözlənilir.
Tətil aprelin 15-i yerli vaxtla saat 00:01-də başlayacaq və aprelin 16-sı saat 23:59-da başa çatacaq.
Tətildən xüsusilə aviaşirkətin əsas mərkəzləri olan Frankfurt və Münhen hava limanlarından həyata keçirilən uçuşların təsirlənəcəyi proqnozlaşdırılır.
Həmçinin, "Cityline" personalının Almaniya üzrə 9 hava limanında işi dayandıracağı bildirilib.
Tətil prosesi "Lufthansa" şirkətinin 100 illik rəsmi yubiley mərasimi ilə eyni vaxta təsadüf edir.
UFO Həmkarlar İttifaqı, Kansler Fridrix Mersin də qatılacağı gözlənilən mərasim zamanı şirkətin baş ofisi qarşısında mitinq keçirəcəyini açıqlayıb. Almaniya pilotlar həmkarlar ittifaqı olan "Vereinigung Cockpit" də öz üzvlərini bu etiraza dəstək verməyə çağırıb.
Təxminən 19 min kabin işçisinin iş şəraiti ilə bağlı danışıqlar davam edir.
Fəaliyyəti mərhələli şəkildə dayandırılacaq "Cityline"-ın 800 işçisi üçün təzminat paketi üzrə görüşlər nəticəsiz qalıb.
UFO sədri Yoaxim Vaskes Burger rəhbərliyi tənqid edərək, işçilərin hansı şəraitdə çalışdığını nümayiş etdirəcəklərini vurğulayıb. "Lufthansa"-nın İnsan Resursları üzrə direktoru Mixael Niqqemann isə tətil qərarını pisləyərək, mövcud iş şəraitinin mükəmməl olduğunu və tətillərin şirkətin gələcəyini təhdid etdiyini iddia edib.
Aprelin 10-da başlayan və davam edən işgüzar mübahisələr şirkətin son 10 ildəki ən uzunmüddətli böhranı kimi qeydə alınıb. Pensiya planları üzərindəki anlaşmazlıq səbəbindən "Lufthansa" pilotları üçüncü dəfə, "Eurowings" pilotları isə ilk dəfə tətilə gedib. Frankfurt hava limanında 570, Münhen hava limanında isə 720-yə yaxın uçuş ləğv edilib və on minlərlə sərnişin bu vəziyyətdən zərər çəkib.