"BMT-də yığışdılar, boş-boş müzakirələr oldu, sonra da dağılışdılar" - Deputat

"BMT-də yığışdılar, boş-boş müzakirələr oldu, sonra da dağılışdılar" - Deputat
Qarabağ
22.08.2023 17:28
Aa
dəq

“Erməni təbliğat maşınını və dünya erməniçiliyini, Ermənistanı dəstəkləyən qüvvələrin iddiasının əksi olaraq bu gün biz görürük ki, Laçın sərhəd-buraxılış məntəqəsi normal şəkildə fəaliyyət göstərir. Erməni əsilli insanlar həmin məntəqədən istifadə etməklə rahat şəkildə keçib, gedirlər”. 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, bu, BMT-də Ermənistanın və onun havadarlarının təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının keçirilən iclasından sonra həmin o Ermənistana, havadarlarına böyük bir sillə kimi başa düşülməlidir.

“Guya ermənilər iddia edirdilər ki, 120 min insan acından ölür, blokadadılar. Ancaq hər dəfə Laçın sərhəd-keçid məntəqəsindən belə bir videoların paylaşılması ilə biz o iddianı alt-üst edirik. Bu, ölkəmiz üçün xoş göstəricidir. Bütün bu, Azərbaycana qarşı olan qarayaxma, Ermənistan və onun havadarları tərəfindən olan kampaniyalara baxmayaraq, biz həmin Qarabağda yaşayan insanların rahat keçməsi üçün heç bir maneə, əngəl törətmirik və bütün Azərbaycan qanunlarına, konstitusiyasına uyğun olaraq orada olan insanlar gəlib keçirlər. Həmçinin gömrük sərhəd-nəzarət buraxılışı təmin edilib və bu məsələlər bir daha Azərbaycanın iradəsinin, niyyətinin göstəricisidir. Bütün bunlara baxmayaraq Azərbaycan öz milli maraqlarından geri çəkiləsi deyil. Bizim üçün qırmızı xəttlər əvvəlcədən məlumdur, müəyyənləşdirilmişdir. Sərhədlərin toxunulmazlığı və suverenliyi bizim üçün qırmızı xəttdir. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan və onun havadarları Azərbaycana gəlib, Azərbaycanda suveren yollarının hansının açılıb, hansının bağlı olmasını bizə dərs keçsinlər. Bu qəbul edilməzdir və olmayacaq. Ümumiyyətlə, həmişə dəfələrlə qeyd etmişik ki, Azərbaycan tərəfindən təklif etdiyi kimi Ağdam - Xankəndi yolundan istifadə edilməlidir. Həmçinin bu, orada yaşayan insanların özləri üçün daha önəmli olmalıdır”.

Millət vəkili bildirib ki, əgər orada yaşayanlar blokada şəraitində, ac şəraitdə özlərinin iddia etdiyi kimi yaşadıqlarını deyirlərsə, onda onlar üçün nə fərqi var? Əsas odur ki ərzaqlar gəlsin, humanitar yardım gəlsin.

“BMT Təhlükəsizlik Şurasında keçirilən həmin o müzakirələr, sanki Ermənistan tərəfinə bir təsəlli verilməsi məqsədi daşıyırdı. Orada keçirilən müzakirələrdə Ermənistan tərəfini tam qane edəcək fikirlər səsləndirilmədi. Ermənistan və media nümayəndələri də bunu Ermənistanın iflası kimi qeyd etdilər. İclasın nəticəsi olaraq nə sənəd, nə də bəyanat qəbul edildi. Ümumiyyətlə, mən bu müzakirələri dünya erməniçiliyinə havadarlıq edən təsəlli kimi, jesti kimi qiymətləndirirəm. Yığışdılar, boş-boş müzakirələr oldu. Sonra da dağılışdılar. Bu, Ermənistanın bir növ hay-küyünə qaldırdığı səsə cavab olaraq bir neçə saatlar sərf etdilər ki, ermənilərin bu hay-küyü davam etməsin”.

Sevil Qəmbərli

Həftənin ən çox oxunanları