Alman nümayəndə heyətinin protokol xidməti Rusiya xarici işlər naziri Sergey Lavrovla Almaniyanın xarici işlər naziri İohann Vadeful arasında görüş üçün hazırlanmış otaqda Rusiya Prezidenti Vladimir Putinin portretinin asılması ilə maraqlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində danışıb.
Zaxarovanın sözlərinə görə, alman protokol əməkdaşları otağı hazırlamaq üçün gələndə portreti görüblər və Vadeful ilə danışıqlar zamanı onun yerində qalıb-qalmayacağını soruşublar.
Onlara bunun qəbul edən tərəfin ənənəsi olduğu bildirilib. Zaxarova qeyd edib ki, otaqda bayraq və prezidentin portreti yerləşdirilir və qonaqlar qarşı tərəfin ənənələrinə hörmət etməlidirlər.
Rusiya XİN-in sözçüsü vurğulayıb ki, portret Vadefulun görüşdə iştirak edib-etməməsindən asılı olmayaraq yerində qalacaq.
Zaxarova həmçinin xatırladıb ki, Almaniyanın xarici işlər naziri bir il əvvəl Sergey Lavrovla görüşdən imtina edib, lakin daha sonra BMT-də danışıqlar aparmaq üçün gözlənilmədən özü müraciət edib.
Lavrov və Vadeful arasında görüş sentyabrın 26-da, şənbə günü Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçirilib. Lavrov Almaniyanın xarici işlər naziri ilə sonuncu dəfə 2022-ci ilin yanvarında, həmin vəzifəni Annalena Berbok tutarkən Moskvada görüşüb.
Almaniya kansleri Fridrix Merz daha əvvəl iki ölkənin xarici işlər nazirlərinin görüşünü şərh edərək Moskvanın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlarda guya maraqlı olmadığını bildirib.
Mertsin bu açıqlaması Lavrovun BMT Baş Assambleyasının iclaslarından sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə cavab olub. Lavrov həmin görüş barədə deyib:
“O, qeydlərini çıxarıb Almaniyanın rəhbərlərinin hər gün açıq şəkildə səsləndirdiyi mövqeni tam təkrarlayan mətni oxudu. Oradan yeni heç nə öyrənmədim”.