Dörd gün davam edəcək bu forum dünyanın gənc liderlərinin iqlim dəyişikliyinin təsirləri və çağırışları sahəsində birgə əməkdaşlıqların qurulması istiqamətində böyük əhəmiyyət kəsb edir. Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul olunacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin (ADTGT) sədri Asif Əsgərli Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün keçirilən “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu çərçivəsində jurnalistlərə açıqlama verərkən deyib.
O qeyd edib ki, gənclər iqlim məsələləri, eləcə də COP29-la bağlı beynəlxalq ictimaiyyətə çağırış edəcəklər:
“Azərbaycan COP29-a çox ciddi hazırlaşır. Biz də bu hazırlıq çərçivəsində belə bir forumu həyata keçiririk. Dörd müxtəlif mövzuda panel müzakirələri keçiriləcək ki, orada xarici qonaqlarla yanaşı, yerli mütəxəssislər də iştirak edəcəklər. Dünyada ətraf-mühit siyasəti ilə bağlı hökumət qurumları ilə yanaşı, QHT-lərin də rolu artıb və biz həm də QHT-lərin bu istiqamətdəki roluna töhfə vermək üçün belə bir tədbir təşkil etmişik. Tərəflər Azərbaycanda bu tədbirə gəlməkdə çox maraqlıdırlar. Onlar Azərbaycanın "yaşıl siyasəti"ni çox bəyənir və dəstəkləyirlər”.