Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Türk Dövlətləri Təşkilatı və Türkiyənin dövr sədrliyi” mövzusunda geniş bəyanatla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, MHP lideri qlobal siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi müasir dövrdə Türk Dövlətləri Təşkilatının (TDT) əldə etdiyi inkişaf səviyyəsinin türk dünyasının strateji gələcəyi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
D.Bahçeli təşkilatın ortaq tarix, mədəniyyət, milli dəyərlər və gələcəyə dair vahid baxış əsasında möhkəm institusional platformaya çevrildiyini diqqətə çatdırıb.
Bəyanatda Adriatik dənizindən Çin səddinə qədər uzanan böyük türk coğrafiyasında siyasi iradənin gücləndiyi, iqtisadi, ticarət, nəqliyyat-logistika və energetika əlaqələrinin sürətlə genişləndiyi qeyd olunub. Müdafiə sənayesi, yüksək texnologiyalar, təhsil, elm və mədəniyyət sahələrində inteqrasiya imkanlarının artması dövlətlərarası münasibətlərin strateji müstəviyə yüksəldiyini nümayiş etdirir.
MHP sədri xüsusi olaraq vurğulayıb ki, TDT çərçivəsində tərəfdaşlığın temelində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili qanunvericiliyinə mütləq hörmət prinsipi dayanır. Onun fikrincə, türk dövlətləri arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq milli maraqlar əsasında inkişaf etməlidir.
D.Bahçeli Türkiyə və Azərbaycanın Egey dənizindən Xəzərədək eyni könül coğrafiyasının iki güclü və aparıcı dövləti olduğunu vurğulayıb. O, iki müttəfiq ölkə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinə zərər vura biləcək hər hansı provokativ yanaşmalara qarşı strateji təmkinlilik, qarşılıqlı anlaşma və ortak milli mövqedən çıxış etməyin vacibliyini qeyd edib.
MHP lideri Türkiyə ilə Azərbaycan arasındakı tarihi, mədəni və qardaşlıq bağlarının cari siyasi konyunkturadan xeyli uca olduğunu, dərin ortaq yaddaşa və mənəvi yaxınlığa söykəndiyini bəyan edib. O, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gözlənilən Zirvə görüşündəki təmaslarının iki ölkə arasındakı əbədi mənəvi və siyasi birliyi bir daha bütün dünyaya nümayiş etdirəcəyini vurğulayıb.
Oktyabrın son həftəsində Ankarada keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Zirvə Qiruşunu tarihi əhəmiyyətli hadisə kimi dəyərləndirən Bahçeli, təşkilata dövr sədrliyinin Azərbaycandan Türkiyəyə keçəcəyini bildirib. O, Türkiyənin zəngin dövlətçilik təcrübəsi, iqtisadi potesialı, diplomatik gücü və türk dünyası ilə sıx inteqrasiyası sayəsində TDT-nin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
Bahçeli Türkiyənin dövr sədrliyi dövründə bütün dövlət qurumlarının, universitetlərin, vətəndaş cəmiyyəti institutlarının TDT-nin "2040-cı il Türk Dünyası Vizyonu" sənədinə uyğun olaraq konkret və davamlı layihələr icra etmələrinin vacibliyini diqqətə çatdırıb.
MHP sədri böyük maarifçi İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipinin müasir dövrdə də yolgöstərici məşəl olduğunu bildirib. O, təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsini, Türkiyənin bilik və institusional imkanlarının ortaq inkişaf məqsədlərinə yönəldilməsini təklif edib.
Sonda D.Bahçeli türk dünyasının ümumi potensialının dövlətlərin mövcud imkanlarının cəmindən daha böyük geostrateji məna kəsb etdiyini, bu potensialı real gücə çevirmək üçün suverenliyə riayət, koordinasiya və uzunmüddətli ortaq strategiyanın zəruri olduğunu bəyan edib.