ABŞ Prezidenti Donald Tramp Britaniyadakı "Fairford" Kral Hərbi Hava Qüvvələri bazasında yerləşdirilmiş B-2 strateji bombardmançı təyyarələrinin ABŞ-dəki əsas bazalarına geri çağırıldığını təsdiqləyib. Ağ Ev rəhbəri bu addımın təhlükəsizlik mülahizələri ilə atıldığını bildirərək, "Bəzi təhdidlər var idi. Təhdidlərin arxasında duran şəxslərin müəyyən edildiyini və onların İranla əlaqəli olduğunu düşünürük", – deyə bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Pentaqon da strateji bombardmançıların Birləşmiş Ştatlara qayıtdığını açıqlayıb.
Bu qərar sentyabrın 27-də "Fairford" bazası yaxınlığında şübhəli avtomobillərin görünməsindən sonra partlayıcı maddələr və terrorçuluqda şübhəli bilinən 5 Britaniya vətəndaşının, oktyabrın 1-də isə Britaniya-İran ikili vətəndaşı olan bir şəxsin saxlanılmasının ardınca verilib. İran rəhbərliyi isə sözügedən insidentlərlə hər hansı əlaqəsinin olması iddialarını qətiyyətlə rədd edir.
Birmingem Universitetinin beynəlxalq siyasət üzrə professoru Devid Dann bu addımı "tarixi və misilsiz" adlandıraraq, Vaşinqtonun böhran zamanı strateji dayaq nöqtəsi kimi istifadə etdiyi bazadan təyyarələrini çəkməsinin təhlükəsizlik risklərinin ciddiliyini göstərdiyini vurğulayıb. Xatırladaq ki, "Fairford" bazası NATO-nun ehtiyat yerləşdirmə məntəqəsi və ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı əsas irəli bombardmançı mərkəzidir.
Bununla belə, hərbi ekspertlər B-2-lərin Britaniyadan çıxarılmasının ABŞ-nin İrana qarşı hərbi imkanlarını zəiflətmədiyini bildirirlər. Corctaun Universitetinin mütəxəssisi Daniya Thafer xatırladıb ki, 2025-ci il iyunun 21-də keçirilən “Gecəyarısı çəkici” əməliyyatı zamanı B-2 bombardmançıları birbaşa Missuridəki "Viteman" aviabazasından havalanaraq İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirmişdi.
Analitiklərin fikrincə, təyyarələrin Böyük Britaniyadan çəkilməsi iki məqsəd daşıya bilər: Vaşinqton ya strateji aviasiyasını gözlənilən təhdidlərdən sığortalayır, ya da onları daha təhlükəsiz və yeri çətin müəyyən edilən dislokasiya məntəqələrinə keçirməklə yeni mümkün hava əməliyyatlarına zəmin hazırlayır.