Rusiyanın Rostov şəhərində, Don çayında qalan azərbaycanlı dənizçilər aylardır maaşlarını ala bilmədiklərini və ailələrinə qayıda bilmədiklərini bildirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, dənizçilərin sözlərinə görə, onlar Türkiyəyə məxsus “Adler” dənizçilik və gəmi xidmətləri şirkətində çalışırlar. Hazırda gəmidə qalmağa davam edən işçilər həm əməkhaqlarının ödənilməməsindən, həm də bölgədəki təhlükəsizlik vəziyyətindən narahat olduqlarını deyirlər.

“Aylarla işləyirik, amma maaşlarımız ödənilmir”
Dənizçilər bildirirlər ki, şirkətlə dəfələrlə əlaqə saxlasalar da, onlara problemin yaxın zamanda həll ediləcəyi deyilir. Lakin onların sözlərinə görə, bu vədlər indiyədək nəticə verməyib.
“Biz Azərbaycan dənizçiləriyik. Hazırda Rusiyanın Rostov şəhərində, Don çayında gəmi ilə qalmışıq. Artıq aylardır buradayıq və çox ağır vəziyyətlə üz-üzəyik. Əsas problemimiz odur ki, əməyimizin qarşılığını ala bilmirik. Aylarla işləyirik, ailələrimiz bizi gözləyir. Amma qazandığımız maaşlar bizə ödənilmir”, – dənizçilərdən biri bildirib.
Onun sözlərinə görə, işçilərin arxasında ailələri və övladları var.
“Biz sadəcə halal zəhmətimizin pulunu istəyirik. Şirkət rəhbərliyinə müraciət edirik: Bizimlə düşmən kimi davranmayın! Biz sizin işçilərinizik. Övladlarımız bu maaşların yolunu gözləyir. Maaşlarımızı ödəyin, bizimlə bağlı problemləri həll edin və bizi ailələrimizə sağ-salamat qaytarın”, – deyə dənizçi qeyd edib.
“Biz ölmək istəmirik”
Dənizçilər qaldıqları ərazidə təhlükəsizliklə bağlı narahatlıqlarının da olduğunu bildirirlər.
Onların sözlərinə görə, Rostovda müharibə şəraiti və dron hücumları ilə bağlı risklər mövcuddur.
“Biz ölmək istəmirik. Biz sadəcə haqqımızı alıb evimizə qayıtmaq istəyirik. Hazırda Rostovda, Don çayında qalırıq. Bölgədə müharibə şəraiti var. Dron təhlükəsi və atəş səsləri ilə bağlı ciddi risklər var. Hər gün ailələrimizə zəng edəndə onları sakitləşdirməyə çalışırıq. Amma həqiqəti gizlətmək mümkün deyil. Biz qorxuruq, biz ölmək istəmirik. Biz ailələrimizə sağ-salamat qayıtmaq istəyirik”, – dənizçi bildirib.
Şirkətlə əlaqə saxlamaq mümkün olmayıb
Məsələ ilə bağlı “Adler” şirkətinin mövqeyini öyrənmək üçün şirkətin sahibi Müzəffər Salim və şəriki Elman Mürsəlovla əlaqə saxlamağa cəhd edilib.
Onların telefon nömrələrinə dəfələrlə zəng edilsə də, cavab verilməyib. Göndərilən mesajlar da cavabsız qalıb.
Dənizçilərin əməkhaqlarının nə qədər müddətdir ödənilmədiyi və ümumi borcun məbləği barədə isə əlavə məlumat verilməyib.