Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq", - deyə o qeyd edib.
“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.