ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə təmsilçiləri mübarizəni davam etdirirlər.
60 kq çəki dərəcəsində yarışan Elmir Əliyev polşalı Olivye Tomaş Skşipçakı 8:0 hesabı ilə texniki üstünlük sayəsində məğlub edərək 1/4 finala yüksəlib. 72 kq-da çıxış edən Fərid Xəlilov isə Özbəkistan təmsilçisi Şahzod Kuçkorova 4:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə vəsiqə qazanıb.
82 kq çəki dərəcəsində Elmin Əliyev əvvəlcə macarıstanlı Sabolç İştvan Sinayı 5:2 hesabı ilə üstələyərək 1/4 finala adlayıb. Bu mərhələdə o, İsveç təmsilçisi Aleksander Mikael Yohanssona 2:3 hesabı ilə uduzub.
67 kq-da mübarizə aparan Məhəmməd Şükürzadə 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabı ilə məğlub olub. 97 kq-da yarışmalı olan İsmayıl Rzayev isə zədə səbəbindən turnirdən çəkilib.
Beləliklə, Elmir Əliyev və Fərid Xəlilov dünya çempionatında yarımfinala yüksəlmək uğrunda mübarizə aparacaqlar.