Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 14 220, o cümlədən Abşeron rayonunda 1 386 sudan qanunsuz istifadə halı aşkarlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Son olaraq Abşeron rayonunda aparılan nəzarət tədbirləri zamanı bəzi fərdi yaşayış evləri və kommersiya obyektlərində içməli sudan qanunsuz istifadə hallarının qarşısı alınıb. Belə ki, Xırdalan şəhəri, Yoncalıq adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 7 fərdi həyət evində sudan qanunsuz istifadə halları aşkarlanıb.
Məlum olub ki, həmin evlərin su təchizatı üçün texniki şərt alınmayıb və müqavilə bağlanmayıb. Evlərin su təchizatı məqsədilə 32 mm-lik boru ilə magistral xəttə qanunsuz birləşmə verilib. Aparılan araşdırma zamanı Hökməli-Qobu yolunda yerləşən bir sahibkara məxsus “Sədərək topdan satış” və ət kəsimi məntəqəsində suyun talanması faktı aşkar edilib. Sahibkar sudaşıyan maşınla su alıb çənini doldurduğunu iddia etsə də araşdırmalardan məlum olub ki, yaxınlıqdan keçən magistral su kəmərindən həmin çənə qeyri-qanuni su xətti çəkilib.
Bundan başqa Hökməli-Qobu yolunda yerləşən bir sahibkara məxsus kafe və “Yeni market”də də sudan qanunsuz istifadə faktı müəyyən edilib. Qobu qəsəbəsində yerləşən avtoyuma məntəqəsində də oxşar vəziyyətə rast gəlinib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.