Azərbaycan-Türkiyə! Bir millət-iki dövlət! - RƏY

Azərbaycan-Türkiyə! Bir millət-iki dövlət! - RƏY
29.10.2024 16:18
Aa
dəq

Bu gün qardaş Türkiyə Cümhuriyyətinin 29 oktyabr - Müstəqillik Günüdür və bu gün Türkiyə tarixinin ən şərəfli, ən yaddaqalan və ən önəmli bayramlarından biri qeyd olunmaqdadır.

Biz də Türkiyə Cümhuriyyətinin bu bayramında sevinirik, bu bayramı biz də qeyd edirik. Çünki, Türkiyə bizim qardaşımızdır, strateji müttəfiqimizdir və Türkiyə-Azərbaycan münasibətləri müstəqilliyimiz bərpa edildikdən sonra yenidən inkişaf etməyə başladı. Ulu Öndər Heydər Əliyev tərəfindən bu münasibətlər gücləndirildi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dönəmində isə bu münasibətlər bütün sahələr üzrə ən yüksək səviyyəyə çatdı. Şuşa Bəyannaməsinin imzalanması ilə də Türkiyə-Azərbaycan münasibətlərinin dünyada tayı-bərabəri yoxdur və bu gün Azərbaycan və Türkiyə bir olaraq addımlayır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Naqif Həmzəyev: Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır,  tariximiz məhv olur

“Bir millət, iki dövlət deyimi bəzən elə bir dövlət olaraq da adlandırıla bilir. Çünki biz həm prezidentlərimizin, həm digər dövlət nümayəndələrinin, həm də bütün sahələr üzrə məsul şəxslərin ən önəmli məsələlərdə məsləhətləşmələr apardıqlarını, bir-birlərinə öz fikirlərini və öz mövqelərini bildirərək, hər iki dövlətin eyni mövqedən çıxış etməsinə şərait yaradırlar. Türk olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə bir-birinin hüquqlarını və mövqeyini müdafiə edir”.

Millət vəkili qeyd edib ki, 44 Günlük Vətən Müharibəsinin gedişində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verməkdən çəkinmədi, Azərbaycanın yanında oldu, dərdinə şərik oldu. Azərbaycan da Türkiyənin başına gəlmiş bütün bəlalarda və dərdlərdə hər zaman Türkiyənin yanında oldu. Həm meşə yanğınlarında, həm də baş vermiş zəlzələlərdə ilk yardıma qaçan və gün sonuna qədər Türkiyə dövlətinin və Türkiyə xalqının yanında olan məhz Azərbaycan dövləti, Azərbaycan xalqının nümayəndələri oldu.

“Şükürlər olsun ki, bu gün bu münasibətlərimiz artan xətt üzrə inkişaf edir və bu gün də Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır. Bizim dilimiz, dinimiz, mədəniyyətimiz, hər şeyimiz eynidir və bu gün bizim bir olmağımız üçün heç bir maneə yoxdur. Hər zaman çalışmalıyıq ki, kənar güclərin, “sapı özümüzdən olan baltalar”ın bizim münasibətlərimizə zərrə qədər də olsa, kölgə salmasına icazə verməyək”,- deyə N.Həmzəyev vurğulayıb.

Digər müsahibimiz politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi əvəzolunmaz bir müttəfiqlikdir və iki ölkə arasındakı qardaşlıq əlaqələri dərin dostluq bağlarının dünyada çox az örnəyi mövcuddur və bəlkə də heç yoxdur. Türkiyə Cümhuriyyətinə qəsd etmək istəyən, Türkiyənin qələbələrini, gücünü bu gün dünyada ədalət carçısı, rolunu qəbullanmayan bəzi ölkələr var ki, bu gün Türkiyə əleyhinə dezinformasiyalar aparırlar, Türkiyəni gözdən salmaq üçün erməni lobbisinin vasitəsilə birləşib, Türkiyəni haqsız məsələlərdə ittiham edirlər. Ancaq Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün hələ cümhuriyyəti qurduğu dövrdə də imperializmin, işğal və qəsd siyasəti ilə üz-üzə qalıb. Amma Atatürk həmin dövrdə bu mübarizələrdən uğurla çıxaraq, Türkiyə Cümhuriyyətini ərsəyə gətirmişdir.

Tural İsmayılov: “Dövlət Suverinliyinin təsis edilməsi həm dosta, həm də  düşmənə bir mesajdır”:

“Bu gün də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son illərdə ölkəni dünyanın önəmli siyasi güc mərkəzlərindən birinə gətirməyini həzm etməyən bəlli beynəlxalq dairələr Türkiyəyə qarşı böhtanlar və qaralama kampaniyaları həyata keçirirlər. Buna baxmayaq, bu gün Türkiyə Cümhuriyyəti terrora, ona qəsd edən qüvvələrə qarşı öz gücünü ən yüksək səviyyədə göstərir.

Cümhuriyyətin qurulmasının 101-ci il dönümünə Türkiyə Cümhuriyyəti tam güclü, beynəlxalq münasibətlər sistemində mövqeləri güclənmiş səviyyədə daxil olub və bu gün Türkiyənin Azərbaycan kimi qardaşı, strateji müttəfiqi var. Cənab prezident İlham Əliyev də hörmətli Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrikdə Türkiyənin Azərbaycan üçün əhəmiyyətindən, Azərbaycan-Türkiyə müttəfiqliyinin bütün türk dünyası və dünya üçün strateji vacibliyindən bəhs etdi. Azərbaycan-Türkiyə münasibətləri bu gün istənilən səviyyədə dünyadakı ədalətsizliyə, siyasi qəsb planlarına qarşı həm də müqavimət tablosudur”, - deyə Tural İsmayılov vuğulayıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları