Azərbaycan Mərkəzi Bankının fəaliyyətində nöqsanlar aşkarlanıb

Azərbaycan Mərkəzi Bankının fəaliyyətində nöqsanlar aşkarlanıb
11.04.2023 16:42
Aa
dəq

Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il və 2022-ci ilin I yarısındakı maliyyə-təsərrüfat fəaliyyətinin uyğunluq auditini aparıb, nöqsanlar aşkarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Palataya istinadən xəbər verir.

Qurum hesab edir ki, AMB-nin gəlir və xərclərinin proqnozlaşdırılması fəaliyyəti kifayət qədər təkmil hüquqi çərçivəyə əsaslanıb, onun büdcəsi “Mərkəzi Bankda büdcə planlaşdırılması və icrasına nəzarətin prosedur Qaydaları”nın tələbləri nəzərə alınmaqla və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla hazırlanıb. Bu da öz növbəsində maliyyə hesabatlılığının dürüstlüyü üzrə risklərin aşağı səviyyədə saxlanılmasına zəmin yaradır. AMB-nin ayrı-ayrı illər və obyektlər üzrə İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməyib və yaxud müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib. Layihə-smeta sənədlərinə ekspertiza rəyi alınmadan, tikintiyə müəllif nəzarəti təmin edilmədən və tikintinin ehtimal olunan qiyməti hesablanmadan tikinti işləri başlanılıb və obyektin tikintisinin başa çatmasını rəsmiləşdirən “İstismara icazə Aktı” tərtib və təsdiq edilməyib. Tikinti işləri tam başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılıb.

Mühasibat uçotu üzrə uzunmüddətli aktivlərə hesablanmış amortizasiya xərclərinə görə qalıq məbləği göstəriciləri ilə 31 dekabr 2021-ci il tarixinə tərtib edilən illik maliyyə hesabatları və “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ın göstəriciləri arasında uyğunsuzluqlar olub, 276,4 min manat dəyərində olan əsas vəsaitlər “Kompüter və avadanlıqlar” sinfində uçota alınmalı olduğu halda, “Mebel və avadanlıqlar” sinfində uçota alınıb, “Mərkəzi Bankın yeni inzibati binasının tikintisi” obyekti ilə əlaqədar tikinti-quraşdırma işləri üzrə 103 358 min manat məbləğində investisiya xərcləri kapitallaşdırılan xərclər kimi tanınmayıb.

Sumqayıt Ehtiyat Mərkəzinin yeni inzibati binasının istifadəyə verilməsinə baxmayaraq, istismarda olduğu müddətdə 854,8 min manat məbləğində amortizasiya xərci hesablanmayıb. Elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödəniş ilə bağlı ödəmə mənbəyindən 4,9 min manat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə ödəmə mənbəyindən 9 halda 210,6 min manat məbləğində vergi borcunun, həmçinin informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləği hesablanaraq dövlət büdcəsinə ödənilməyib.

AMB korporativ idarəetmə standartlarına sadiqlik göstərərək bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərini müəyyən edib, onlara nail olunması üçün funsional alət və prosedurları tətbiq etməklə bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edib. “Mühasibat uçotu haqqında” qanunun tələblərinə əməl etməklə yanaşı, uçotun Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun aparılmasını təmin edilib, maliyyə hesabatları beynəlxalq standartlara uyğun tərtib edilib və ictimailəşdirilməsi üçün qurumun internet saytında yerləşdirilib.

Həftənin ən çox oxunanları

Dövlət Neft Fondu I rübdə 5 milyard ABŞ dollarından çox gəlir əldə edib

Dövlət Neft Fondu I rübdə 5 milyard ABŞ dollarından çox gəlir əldə edib
DAVAMIN OXU davamın oxu

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
DAVAMIN OXU davamın oxu

Maliyyə bazarlarında informasiya təhlükəsizliyinə dair tələblər təsdiqlənib

Maliyyə bazarlarında informasiya təhlükəsizliyinə dair tələblər təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda hotellərin gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda hotellərin gəlirləri 2 dəfədən çox artıb
DAVAMIN OXU davamın oxu