"Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi Türkiyənin Konya şəhərində uğurla davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” "Haber Global"-a istinadən xəbər verir ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı ABŞ, Polşa və Slovakiya iştirak edir. Təlimdə 529 şəxsi heyət və 21 hava gəmisi fəaliyyət göstərir.
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Su-25" hərbi təyyarəsi də təlimdə iştirak edir. Bugünkü təlim günündə azərbaycanlı pilotlar qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.