Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç arasında görüş keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə BMT-nin ölkəmizdəki nümayəndəliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Görüş zamanı 2026–2030-cu illəri əhatə edəcək yeni Əməkdaşlıq üzrə Çərçivə Proqramı çərçivəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər proqramın icrası vasitəsilə tərəfdaşlığın daha da gücləndirilməsi və birgə fəaliyyətin prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Müzakirələrdə Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyi, eləcə də davamlı inkişaf məqsədləri istiqamətində atılan addımlar xüsusi vurğulanıb. Bildirilib ki, BMT sistemi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Qeyd olunub ki, Azərbaycanda fəaliyyət göstərən bütün BMT komandası ölkənin davamlı inkişaf sahəsində müəyyən etdiyi milli prioritetlərin dəstəklənməsinə tam sadiqdir.