Azərbaycan “Vahid Çin” prinsipini birmənalı şəkildə dəstəkləyir və Tayvanın müstəqilliyini tanımır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Çinin Global Times nəşrinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Tayvan məsələsinə dair mövqeyi açıq, ardıcıl və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. O qeyd edib ki, Azərbaycan 2024-cü ilin yanvarında Tayvanda keçirilən qondarma seçkiləri pisləyən ilk ölkələr sırasında yer alıb.
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır və ‘Vahid Çin’ prinsipini qətiyyətlə dəstəkləyir”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Xarici işlər naziri bildirib ki, status-kvonun təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə yolu ilə dəyişdirilməsinə yönələn cəhdlər bölgədə qarşıdurma riskini artırır və beynəlxalq münasibətlərdə etimadı sarsıdır.
C.Bayramovun sözlərinə görə, Azərbaycanın Tayvan məsələsində Çini dəstəkləməsi yalnız beynəlxalq hüquq normalarına deyil, eyni zamanda dövlətlərin suveren bərabərliyi prinsipinə, eləcə də Bakı ilə Pekin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimada sadiqliyin göstəricisidir.