Milli Məclisin plenar iclasında “Maliyyə icarəsi haqqında” qanunla bağlı bir sıra qanunvericilik aktlarının uyğunlaşdırılmasını nəzərdə tutan layihə üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklər Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, habelə bank, sığorta, kənd təsərrüfatı və digər sahələri tənzimləyən 20-dən çox qanunu əhatə edir.
Qanunvericiliyə edilən əsas dəyişikliklər aşağıdakı məqamları əhatə edir:
- Mülki Məcəllə: Maliyyə icarəsi münasibətlərinin yeni qanunla tənzimlənməsi, lizinqə dair 39-cu fəslin ləğvi və terminoloji uyğunlaşdırmalar aparılır.
- Müflisləşmə və iflas: İcarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsi xüsusiyyətləri müəyyən edilir.
- Beynəlxalq xüsusi hüquq: Tərəflər arasında razılıq olmadıqda, müqaviləyə icarəyə verənin fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiqi nəzərdə tutulur.
- Kredit büroları: Maliyyə icarəsi fəaliyyəti göstərən şəxslərin kredit tarixçəsi məlumatlarını ən azı bir kredit bürosuna təqdim etməsi tələbi qoyulur.
- Nəzarət və reyestr: Maliyyə icarəsi verənlərin reyestrinin aparılması üçün Azərbaycan Mərkəzi Bankına məlumatların verilməsi və lisenziya-icazə sisteminin təkmilləşdirilməsi təmin edilir.
- Dövlət rüsumu: Maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmək üçün 550 manat məbləğində dövlət rüsumunun tətbiqi müəyyənləşdirilir.
Bundan əlavə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi və digər sahəvi qanunlarda (o cümlədən, “Taxıl haqqında”, “Banklar haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və s.) yeni qanunla uyğunluğun təmin edilməsi üçün texniki xarakterli düzəlişlər edilib.