Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözlədiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Azərbaycan XİN-ə istinadən verdiyi məlumata əsasən, Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi fikirlər qeyri-məqbul hesab edilib.
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir", - XİN rəsmisi vurğulayıb.
O bəyan edib ki, Ümummilli Lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir:
"Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik".