Bir uşaq otağında səssizlikdir… amma bu, sakitlik deyil. Ekranın işığı üzündə əks olunur, barmaqları sürətlə sürüşür, alqoritmlər isə səssizcə onun düşüncəsini formalaşdırır. Valideynlər evdədir, amma nəzarət görünməzdir. İndi dünya bir sualın qarşısında dayanıb: uşaqları real həyatdan çox virtual aləmdə böyütməyə nə qədər icazə verəcəyik?
Artıq Fransa Milli Assambleyası 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi onlayn zorakılıq və zehni sağlamlıq riskləri ilə əlaqədar artan narahatlıqlar fonunda dəstəklənib. Avropada başlanan bu müzakirə artıq Azərbaycanın da gündəminə gəlib.
Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Əməkdar jurnalist, ictimai xadim və professor Qulu Məhərrəmli bildirib ki, sosial şəbəkələrə girişin məhdudlaşdırılmasının əsas məqsədi uşaqları həm həddindən artıq vaxt itkisinə, həm də nəzarətsiz və etik çərçivəsi olmayan kontentin mənfi təsirlərinə məruz qalmaqdan qorumaqdır.

Onun sözlərinə görə, əvvəllər uşaqlar televizora məhdud vaxt ayırırdılarsa, bu gün sosial şəbəkələrdə saatlarla vaxt keçirirlər.
Professor qeyd edib ki, sosial mediada yayılan kontent çox vaxt tənzimlənmir və bu, azyaşlıların psixologiyasına, düşüncə tərzinə ciddi təsir göstərir.
“Uşaqların beyin və zəkasının alqoritmlər tərəfindən formalaşdırılmasına yol verilməməlidir. Onlar kənar təsirlərdən qorunmalı, milli dəyərlərə söykənən, açıq və bəşəri düşüncə ilə böyüməlidirlər”, – deyə Qulu Məhərrəmli vurğulayıb.

Azərbaycanda mövcud vəziyyətə toxunan professor bildirib ki, telefon və planşetlər artıq çox erkən yaşlardan uşaqlar üçün əsas əyləncə vasitəsinə çevrilib. Bu isə uşaqların müstəqil inkişafı və sağlam dünya görüşünün formalaşması baxımından ciddi risklər yaradır.
Onun fikrincə, azyaşlılar üçün müəyyən məhdudiyyətlərin tətbiqi təbii olsa da, bunun üçün real və işlək mexanizmlər hazırlanmalıdır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, Fransa, İtaliya, İspaniya və digər ölkələr bu istiqamətdə artıq konkret tədbirlər görürlər və bir çox Avropa ölkələrinin də oxşar addımlar atacağı gözlənilir.

Deputatın sözlərinə görə, rəqəmsal mühitdə uşaqların və gənclərin təhlükəsizliyinin təmin olunması bu gün Azərbaycanın da qarşısında duran mühüm vəzifələrdəndir.
Ceyhun Məmmədov bildirib ki, bu məsələni Milli Məclisdə də qaldırıb və hesab edir ki, mövzu ilə bağlı parlament dinləmələri keçirilməli, beynəlxalq təcrübə öyrənilməlidir.
“Əgər bu gün ciddi addımlar atmasaq, gələcəkdə vəziyyət daha da çətinləşəcək. Uşaqlar sosial mediadan getdikcə daha çox istifadə edəcəklər və bu da ciddi problemlər yaradacaq”, – deyə deputat vurğulayıb.
Deputat əlavə edib ki, problemin həlli yalnız qanunvericiliklə məhdudlaşmamalıdır. Onun fikrincə, valideynlər, media qurumları və müxtəlif strukturlar davamlı maarifləndirmə və təbliğat işi aparmalı, cəmiyyətdə yanlış vərdişlərin qarşısının alınmasına yönəlmiş sistemli fəaliyyət göstərilməlidir.

Həm Qulu Məhərrəmli, həm də Ceyhun Məmmədov hesab edirlər ki, azyaşlıların sosial şəbəkələrin mənfi təsirindən qorunması üçün kompleks, düşünülmüş və davamlı addımların atılması artıq zərurətə çevrilib.
Görünən odur ki, məsələ təkcə telefon və tətbiqlər deyil. Söhbət bir nəslin düşüncə tərzindən, dəyərlərindən və gələcək dünyagörüşündən gedir. Əgər bu gün vaxtında qərar verilməsə, sabah qərarları artıq uşaqlar yox, alqoritmlər verəcək. Seçim isə cəmiyyətindir: ya ekranlar uşaqları böyüdəcək, ya da biz uşaqları ekranlardan qoruyacağıq.