Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüş keçirib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər arasında əvvəlcə təkbətək formatda görüş baş tutub, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşlər zamanı Azərbaycan–İsrail əlaqələrinin ikitərəfli və çoxtərəfli platformalarda mövcud vəziyyəti, əməkdaşlığın gələcək inkişaf imkanları, həmçinin regional və beynəlxalq gündəmdə duran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin iki dövlət arasında etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın göstəricisi olduğu vurğulanıb.
İqtisadi əməkdaşlığın Azərbaycan–İsrail münasibətlərinin əsas dayaqlarından biri olduğu qeyd edilib. Enerji, ticarət, investisiya, turizm, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında fəaliyyət göstərən Birgə Komissiyanın rolu xüsusi vurğulanıb. İsrail xarici işlər nazirinin səfəri çərçivəsində keçiriləcək biznes forumun iqtisadi əlaqələrə əlavə impuls verəcəyinə əminlik ifadə olunub.
Humanitar sahədə əməkdaşlıq, xalqlar arasında formalaşmış tarixi bağlar, Azərbaycandakı çoxəsrlik yəhudi icması və İsraildə yaşayan Azərbaycan diasporunun münasibətlərin inkişafına verdiyi töhfələr də görüşlər zamanı diqqət mərkəzində olub.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Qəzza zolağında mövcud vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eləcə də Cənubi Qafqazda post-münaqişə dövründə normallaşma prosesi müzakirə edilib. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı və bu prosesə ciddi maneə yaradan mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşlərin yekununda birgə mətbuat konfransı keçirilib, hər iki nazir aparılan müzakirələrin nəticələrinə dair açıqlamalarla çıxış ediblər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında geniştərkibli görüş keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik sahələri daxil olmaqla bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Eyni zamanda, əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq ifadə olunub.
Nazirlər beynəlxalq və regional gündəlikdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə hər iki ölkənin regionlarında və ondan kənarda sülhə, inkişafa və rifaha töhfə verməsinin vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi istiqamətində qətiyyətli olduqlarını bildiriblər.
Qeyd edək ki, 11:59-da Azərbaycan və İsrailin xarici işlər nazirləri arasında rəsmi görüşün başladığı açıqlanmışdı.