Azərbaycanda xarici dövlətin səfirliyinə qarşı terror aktı törətməyə hazırlaşan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə DTX-nin Mətbuat xidməti açıqlama yayıb.
Narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Məlumata əsasən, əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları — 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü, “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun Bakı şəhərində dini düşmənçilik zəminində terror hücumuna hazırlaşmaları ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalarla həmin şəxslərin beynəlxalq terror təşkilatı İŞİD-in “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girdikləri, qabaqcadan əlbir olmuş qrup şəklində xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyinə hücum etmək məqsədilə silah qismində istifadə olunan predmetlər əldə etdikləri üzə çıxıb.
Şübhəli şəxslər səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX əməkdaşları tərəfindən saxlanılıb və terror aktının qarşısı vaxtında alınıb.
Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri (qabaqcadan əlbir olan qrup halında, dini düşmənçilik zəminində, silah qismində istifadə olunan predmetlərlə terrorçuluğa hazırlıq) üzrə cinayət məsuliyyətinə cəlb ediliblər. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.