Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Avropada aviasiya yanacağı ehtiyatlarının məhdud olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, "Associated Press"ə müsahibəsində bildirib ki, Avropanın cəmi “altı həftəyə qədər” aviasiya yanacağı ehtiyatı mövcuddur.
Birol xəbərdarlıq edib ki, neft tədarükündə fasilə yaranarsa, yaxın gələcəkdə uçuşların ləğvi ilə bağlı problemlər ortaya çıxa bilər.
O qeyd edib ki, Hörmüz boğazından neft, qaz və digər həyati əhəmiyyətli yüklərin daşınmasında yaranacaq hər hansı fasilə qlobal iqtisadiyyata ciddi təsir göstərəcək: “Bu vəziyyət nə qədər uzun davam edərsə, iqtisadi artıma və inflyasiyaya təsir bir o qədər böyük olacaq”.
IEA rəhbərinin sözlərinə görə, nəticədə benzin, qaz və elektrik enerjisinin qiymətlərində artım qaçılmaz olacaq. O bildirib ki, enerji böhranı xüsusilə Yaponiya, Koreya, Hindistan, Çin, Pakistan və Banqladeş kimi ölkələrdə daha kəskin hiss oluna bilər.
Birol əlavə edib ki, ən böyük zərəri Asiya, Afrika və Latın Amerikasının kasıb ölkələri görəcək, daha sonra isə Avropa və Amerika qitələri təsirlənəcək.
O, həmçinin İranın Hörmüz boğazından keçən bəzi gəmilərə tətbiq etdiyi rüsum siyasətini tənqid edərək bunun davamlı hal alacağı təqdirdə digər strateji su yollarına da yayıla biləcəyindən narahatlığını ifadə edib.
Qeyd edək ki, ABŞ-İsrail hərbi əməliyyatlarından sonra bölgədə gərginlik artıb. İranın bəzi ölkələrə məxsus gəmilərin keçidinə məhdudiyyət qoyması fonunda Hörmüz boğazında gəmiçilik ciddi şəkildə azalıb. Hazırda tərəflər arasında iki həftəlik atəşkəs elan olunsa da, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada davam edir.