Oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından İsrailə qarşı başlatdığı hücumdan sonra bəzi hava yolları şirkətləri İsrailə uçuşları ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın "Air France" aviaşirkətinin İsrailin paytaxtı Təl-Əvivə uçuşları ikinci bir bildirişə qədər dayandırdığı bildirilib.
"Royal Moroccan Airlines" İsrailə uçuşların oktyabrın 13-dək ləğv edildiyini qeyd edib.
Kanadanın "Air Canada" aviaşirkəti Tel-Əvivə uçuşları dayandırdığını açıqlayıb. Bölgədəki vəziyyətin izləndiyini bildirən aviaşirkət, vəziyyət düzələn kimi uçuşların davam etdiriləcəyini açıqlayıb.
"American Airlines" öz sərnişinlərinə 7-21 oktyabr tarixləri arasında Təl-Əvivə uçuşları dəyişmək hüququ verib.
Amerika hava yolu şirkəti "Delta Airlines" bu həftə Təl-Əvivə uçuşların ləğv edildiyini və sərnişinlər üçün lazımi tədbirlər görüləcəyini açıqlayıb.
Polşanın milli aviaşirkəti LOT da oktyabrın 8-də Təl-Əvivə reyslərini ləğv edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.