Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) illik hesabatında 2026-cı ildə Azərbaycanla hərbi eskalasiya ehtimalının "demək olar ki, qeyri-mümkün" olduğu bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, sənəddə qeyd olunur ki, 8 avqust 2025-ci il tarixli sülh müqaviləsinin paraflanması və Vaşinqton razılaşmaları nəticəsində gərginlik riski əhəmiyyətli dərəcədə azalıb.
Kəşfiyyat qurumu hərbi-siyasi niyyətlərdən qaynaqlanmayan lokal toqquşmaların da baş vermə ehtimalını aşağı qiymətləndirir.
Hesabatda sərhədlərin delimitasiyası və demarkasiyası, ticarət-iqtisadi təşəbbüslərin reallaşdırılması, cəmiyyətlər arası dialoq və kommunikasiyaların açılması məsələlərində yeni irəliləyişlərin olacağı proqnozlaşdırılır.
Buna baxmayaraq, Ermənistan kəşfiyyatı bəzi risklərin qaldığını vurğulayır.
Hesabatda iddia olunur ki, Bakı tərəfindən irəli sürülən "Qərbi Azərbaycan" və "qərbi azərbaycanlıların qayıdışı" məsələsi uzunmüddətli perspektivdə sülh prosesinə mənfi təsir göstərə bilər.
Sənəddə həmçinin Azərbaycanın hərbi xərclərinin artması da qeyd olunub. Ermənistan tərəfi hərbi büdcənin artım tempinin digər sahələri üstələməsini regional təhlükəsizlik kontekstində risk faktoru kimi qiymətləndirir.