“Mançester Yunayted”in sabiq futbolçusu Ander Errera komandanın keçmiş baş məşqçisi Joze Muruño ilə yarımmüdafiəçi Pol Poqba arasındakı münaqişə barədə danışıb. Errera münasibətlərin pozulmasının səbəbinin eqoların toqquşması, Poqbanın transfer qiyməti və Muruñonun ondan gözləntiləri ola biləcəyini söyləyib.
Onun sözlərinə görə, Muruño Poqba ilə münasibətlərdə kifayət qədər səbirli davranmamış ola bilər. Hər iki tərəfin münasibətləri düzəltmək üçün cəhd göstərməsinə baxmayaraq, bu, nəticə verməyib.
Errera münaqişənin kəskinləşdiyi oyunlardan birini xatırladıb. Muruño hesabda geridə olduqları vaxt Poqbanın sosial şəbəkədə paylaşım etdiyini düşünüb. Ertəsi gün Poqba komanda yoldaşlarına paylaşımı görüşün əvvəlində hazırladığını, lakin internetə qoşulduqdan sonra — 30-40 dəqiqə keçəndə yayımlandığını deyib.
Errera bu hadisəni anlaşılmazlıq adlandırıb, lakin həmin vaxta qədər münasibətləri qaydaya salmaq üçün gec olduğunu düşündüyünü bildirib. O, fikirlərini “Rio Ferdinand Presents” YouTube kanalında yayımlanan videoda bölüşüb.