Ağ Ev Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı xəbərlərdən xəbərdardır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan nümayəndəsi CNN-ə bildirib. Lakin mənbə əlavə şərh verməkdən imtina edib.
Haniyə iyulun 31-i səhər saatlarında Tehranda İsrailin hücumu nəticəsində dünyasını dəyişib. O, İranın paytaxtında seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) verdiyi açıqlamaya görə, Haniyə və onun mühafizəçilərindən biri Tehrandakı iqamətgahına edilən hücumdan sonra həyatını itirib.
Həmas Haniyənin ölümünü təsdiqləyib. Onlar “bu hadisənin” səbəbləri və əhatə dairəsinin araşdırıldığını və araşdırmanın nəticələrinin daha sonra açıqlanacağını qeyd ediblər.
Pezeşkianın sözlərinə görə, İran xalqı "sionist rejimin, yəni İsrailin cinayət və təcavüzünə həmişə nifrət edib". O, Fələstin xalqının bu cinayətlərə qarşı müqavimətinin qürur mənbəyi olduğunu vurğulayıb.