ABŞ administrasiyası Türkiyəyə 750 milyon dollar dəyərində "F-110" reaktiv mühərriklərinin satışını həyata keçirməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, Ağ Ev Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli demokrat üzvü Qreqori Miksin etirazlarına baxmayaraq, sözügedən satış prosesini davam etdirmək niyyətindədir.
Bildirilib ki, Qreqori Miks Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərini hələ də istismarda saxlamasını, eləcə də Suriya və Yunanıstanla bağlı narahatlıqları əsas gətirərək müqaviləyə veto qoymuşdu. Buna baxmayaraq, ABŞ rəsmiləri Türkiyənin yerli istehsalı olan "KAAN" qırıcı təyyarələri üçün nəzərdə tutulan mühərriklərin satışının davam etdiriləcəyini açıqlayıblar.
Qeyd olunub ki, administrasiya nümayəndələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı regionda mühüm tərəfdaş kimi qiymətləndiriblər. Qreqori Miks isə qərarı tənqid edərək administrasiyanı Konqresin nəzarət səlahiyyətlərinə hörmətsizlik göstərməkdə ittiham edib.
Məlumata əsasən, ABŞ rəsmiləri isə qərarı müdafiə edərək, Prezident Donald Trampın Türkiyə lideri ilə yaxın münasibətlərinə diqqət çəkiblər. Anonimlik şərti ilə danışan bir rəsmi şəxs "Anadolu" agentliyinə bildirib ki, administrasiya Konqreslə şəffaf ünsiyyəti qoruyur və qanunverici orqan müvafiq qaydada məlumatlandırılıb.
Xatırladılıb ki, ABŞ 2019-cu ildə Türkiyənin "S-400" sistemlərini almasına görə Ankaranı "F-35" proqramından çıxarmışdı. Vaşinqton həmin sistemlərin "NATO" standartlarına uyğun olmadığını və qırıcı təyyarələr üçün təhlükə yaratdığını iddia etmişdi. Ankara isə bu ittihamları rədd edərək məsələnin araşdırılması üçün birgə komissiya yaradılmasını təklif etmiş və "F-35" proqramı üzrə öhdəliklərin pozulduğunu bildirmişdi.
Həmçinin qeyd olunub ki, Donald Trampın iyulun 7-8-də keçiriləcək "NATO" sammiti çərçivəsində Ankaraya səfəri və burada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.