Amerika Birləşmiş Ştatları hərbi qüvvələri Suriya və İraqda İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri tərəfindən istifadə edilən 85-dən çox obyektə zərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Təhlükəsizlik məsələləri üzrə müaşviri Con Körbi açıqlama verib.
O, əməliyyat zamanı silahlılara məxsus komanda və nəzarət mərkəzi, kəşfiyyat mərkəzi, insansız uçan aparat anbarı, sursat təchizat zənciri müəssisələrinin hədəfə alındığı deyib.
Əməliyyatın qisas məqsədli olduğu və qarşıdakı bir neçə gün ərzində davam etdirilcəyi bildirilir.
Xatırladaq ki, 2 gün əvvəl İordaniyada İrandan dəstək alan “İslami Müqavimət” qrupu Amerika bazasına dron hücumu edib. Hadisə nəticəsində Amerikanın 3 əsgəri ölüb, 40-dan çox əsgəri yaralanıb. Əsgərlərin nəşi Amerikaya gətirilərək dəfn olunub.
Ağ Ev hücuma görə İranı ittiham etsə də, qarşı tərəf ittihamların əsassız olduğunu bildirib. İran hökuməti bildirir ki, sözügedən qrup İrandan müstəqil şəkildə qərar verərək İordaniyada Birləşmiş Ştatlar bazasına hücum edib.
Qeyd edək ki, İsrail-HƏMAS müharibəsi başlayandan sonra Yaxın Şərqdə ilk dəfədir ki, Amerika bazası vurulur.