ABŞ və İran arasında müzakirə olunan çərçivə sazişi çərçivəsində həcmi 300 milyard dollar olan özəl investisiya fondunun yaradılması planlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Reuters" məlumat yayıb.
Bildirilib ki, fond tərəflər arasında yekun razılaşmanın əldə olunmasını təşviq etmək məqsədi daşıyır.
Maliyyə mexanizmi dövlət vəsaitləri və ya qrantlar hesabına deyil, tamamilə özəl sektorun investisiyaları ilə formalaşdırılacaq. Layihədə ABŞ, Fars körfəzi regionu ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan şirkətlərin iştirak etdiyi bildirilir.
Mənbələrin sözlərinə görə, fond yalnız yekun saziş imzalandıqdan sonra fəaliyyətə başlayacaq. Gözlənilir ki, tərəflər arasında imzalanacaq anlaşma memorandumu növbəti 60 gün üçün fəaliyyət planını müəyyənləşdirəcək. Bu müddətdə fondun idarəçiləri İran tərəfi və investorlarla birlikdə konkret layihələrin hazırlanması üzərində çalışacaqlar.
İlkin planlara əsasən, investisiyalar əsasən enerji, logistika, sənaye istehsalı və nəqliyyat sektorlarına yönəldiləcək.
Mənbə yazır ki, danışıqların əvvəlində İran ABŞ-dan hərbi zərərin kompensasiyası kimi 400 milyard dollar tələb edib. Lakin Amerika Birləşmiş Ştatları bu tələbi qəbul etməyib. Nəticədə tərəflər regional ölkələrin kredit xətləri və ya İran infrastrukturunun bərpasına birbaşa maliyyə dəstəyi vasitəsilə iştirakını nəzərdə tutan alternativ mexanizm üzərində razılığa gəliblər.
ABŞ-nin vitse-prezidenti J. D. Vance də İranın Fars körfəzi ölkələrinin dəstəklədiyi fonda çıxış əldə etməsi planının mövcudluğunu təsdiqləyib. Bunun üçün Tehran sazişdə nəzərdə tutulan şərtləri yerinə yetirməlidir.
Agentliyin məlumatına görə, həmin şərtlərə nüvə proqramının ləğvi, zənginləşdirilmiş uran ehtiyatlarının aradan qaldırılması və sərt beynəlxalq inspeksiya mexanizminə razılıq verilməsi daxildir.
Reuters vurğulayır ki, investisiya fondu ayrıca maliyyə strukturu olacaq və İrana qarşı sanksiyaların yumşaldılması və ya ölkənin dondurulmuş suveren aktivlərinin açılması ilə bağlı paralel danışıqlardan müstəqil fəaliyyət göstərəcək.
Qeyd olunur ki, dünyanın ikinci ən böyük təbii qaz və dördüncü ən böyük neft ehtiyatlarına malik olan İran uzun illərdir beynəlxalq sanksiyalar səbəbindən birbaşa xarici investisiyalardan məhdud şəkildə yararlana bilib.