ABŞ-da bir neçə iri maliyyə qurumunun minlərlə müştərisi noyabrın 16-da onlayn bank xidmətlərinə çıxışda problem yaşayıb. AnewZ-in məlumatına görə, bu barədə nasazlıqları izləyən “Downdetector” saytı məlumat yayıb.
İstifadəçilər “JPMorgan Chase”, “Bank of America”, “U.S. Bank”, “Wells Fargo” və ödəniş platforması “Zelle” ilə bağlı çətinliklər olduğunu bildiriblər. Problemlərə hesablara daxil olmaq, balansı yoxlamaq və əməliyyatları tamamlamaq daxildir.
“Downdetector”ın Bakı vaxtı ilə 22:45-ə olan məlumatına əsasən, “Chase” ilə bağlı 4 600-dən, “Bank of America” ilə bağlı isə 1 500-dən çox müraciət qeydə alınıb.
“Zəhmət olmasa, daha sonra yenidən cəhd edin”
Bəzi “Chase” müştəriləri “Bəzi xidmətlər əlçatan deyil. Problem üzərində işləyirik. Zəhmət olmasa, daha sonra yenidən cəhd edin” məzmunlu xəta mesajı alıblar.
“Chase” sosial şəbəkə “X”də müştərisinə cavabında onlayn bankçılıq xidmətindəki problemi aradan qaldırmaq üçün çalışdığını bildirib və istifadəçilərə daha sonra yenidən cəhd etməyi tövsiyə edib.
“CNBC” məsələ ilə tanış mənbəyə istinadən yazıb ki, “JPMorgan Chase”dəki texniki problemə zərərli şəxslərin müdaxiləsini göstərən əlamət yoxdur.
Nasazlıqların səbəbi dərhal aydın olmayıb. Təsirlənən bütün qurumlarda problemin eyni mənbədən qaynaqlandığına dair də məlumat verilməyib.
“Downdetector” istifadəçilərin göndərdiyi müraciətləri toplayır. Buna görə də saytdakı rəqəmlər problemdən təsirlənən müştərilərin ümumi sayını mütləq əks etdirmir.