Niderlandlı rəssam Vinsent van Qoqun "Çiçəklənən şabalıd ağacları" (Châtaigniers en fleurs) əsəri Honkonqda nümayiş etdirilir.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Sərgidən sonra rəsm əsəri noyabrın 18-də keçiriləcək hərracda satışa çıxarılmaq üçün Nyu-Yorka göndəriləcək.
"Sotheby’s" hərrac evinin qiymətləndirməsinə görə, əsər təxminən 180 milyon dollara satıla və rəssamın əsərləri arasında yeni rekord müəyyənləşdirə bilər.
Rəsm əsəri digər 12 sənət nümunəsi ilə birlikdə argentinalı kolleksiyaçılar Nelli Arrieta de Blakye və Karlos Pedro Blakyenin şəxsi kolleksiyasına daxil olub. Hərracda Klod Mone, Kamil Pissarro və Pol Sezannın əsərləri də satışa çıxarılacaq.
Van Qoqun bu əsəri 60 ildən artıqdır ki, ictimaiyyətə nümayiş etdirilməyib. Rəsmdə çiçəklənən şabalıd ağacı, onun yanından keçən tənha kişi və uzaqda görünən üç qadın təsvir olunub.
1890-cı ildə çəkilmiş əsər rəssamın həyatının son iki ayında yaratdığı tablolar sırasındadır. Bu, Van Qoqun Sen-Remi psixiatriya müəssisəsindən ayrıldıqdan sonra çəkdiyi təxminən 70 əsərdən biridir. Rəssam məşhur "Ulduzlu gecə" tablosunu da həmin dövrdə yaradıb.
Van Qoq həyatının son günlərində olduqca sürətlə işləyir, gündə orta hesabla bir əsər yaradırdı.
Rəssam 37 yaşında, sinəsinə atəş açdıqdan iki gün sonra vəfat edib. Bu hadisədən əvvəl onun uzun müddət psixi sağlamlıq problemləri yaşadığı bildirilir.