Mərakeşin Kastilyexos (Castillejos) sahillərindən İspaniyanın Şimali Afrikadakı Seuta (Ceuta) anklavına keçməyə çalışan 18 qeyri-qanuni miqrant həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, miqrantlar Seutaya çatmaq üçün təhlükəli dəniz marşrutundan istifadə ediblər və hadisə zamanı 18 nəfər həyatını itirib.
Qeyd olunub ki, son bir həftə ərzində Mərakeşdən əsasən üzərək Seutaya təxminən 1500 nəfər keçib. Bununla belə, İspaniya hökuməti hələlik rəsmi statistikanı açıqlamayıb.
Bundan əvvəl Mərakeşin Kastilyexos sahillərindən Seutaya üzərək keçməyə cəhd göstərən 800-dən çox qeyri-qanuni miqranta müdaxilə edildiyi bildirilmişdi.
İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə əlaqədar hökumətin bütün mövcud resurslarını səfərbər etdiyini açıqlayıb.
Qeyri-qanuni miqrasiya cəhdlərinin artması fonunda İspaniya hökuməti Seutada təhlükəsizliyin gücləndirilməsi məqsədilə silahlı qüvvələrin bölgəyə yerləşdirilməsi barədə qərar qəbul edib.