Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində 11 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə barədə Başqırdıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rəisi Vladimir Sevastyanov özünün "Telegram" kanalında məlumat yayıb.
Qəza şəhərin Novojenovo küçəsi ilə Ufimskoye şossesinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, "Şaqman" markalı yük maşınının əyləc sistemi sıradan çıxıb. Nəticədə idarəetməni itirən ağırtonnajlı maşın yüksək sürətlə hərəkətdə olan 10 avtomobilə çırpılıb.
Sevastyanovun verdiyi məlumata görə, qəza nəticəsində ilkin olaraq 2 nəfərin həlak olduğu bildirilir. Xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.