Operativ Məlumat Mərkəzi

Qaradağda 2 avtobusun toqquşması nəticəsində iki nəfər ölüb - YENİLƏNİB - 2

3 dəq
Paylaş:
Qaradağda 2 avtobusun toqquşması nəticəsində iki nəfər ölüb - YENİLƏNİB - 2
hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

***

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

***

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər