Operativ Məlumat Mərkəzi

Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib

3 dəq
Paylaş:
Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib

İlham Əliyev “Xəzər dənizinin sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qanuna əsasən, əgər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər hansı üçüncü tərəflər və ya hər hansı podratçı tərəflər ilə sərbəst təbii qaz yataqlarının işlənməsini qərara alarsa, o zaman tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar.

Qaz sazişi olaraq bu layihə ilə “Azəri-Çıraq-Günəşli” hasilatın pay bölgüsü sazişinin kontrakt sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin kontraktla əhatə olunmayan sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsi nəzərdə tutulur. Eyni zamanda tərəflərin layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun prosesləri ilə bağlılığını nəzərə alaraq, layihənin mövcud podratçı şirkətlərlə birgə işlənməsi qərara alınıb.

İkinci Qoşma bu il avqustun 1-də Bakıda SOCAR ilə Azərbaycan (AÇG) , BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax